“TÜRK OTAĞI”
Bu günlərdə “Türk otağı” adlı dərginin ilk sayı Türkiyədə işıq üzü görüb. Başlıca məqsədi türk dünyası gəncləri arasında mənəvi telləri möhkəmləndirmək olan jurnal İsmayıl bəy Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik!” deyimini özünə şüar olaraq seçib. Dil, mədəniyyət və tarix sahəsində çeşidli məqalələrin yer aldığı dərginin təsisçisi Erkan Sevim, redaktoru Səlahəddin Türütdür. Bundan başqa dərginin yeddi müstəqil türk dövlətində – Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanda özəl təmsilçiləri var. Azərbaycan üzrə təmsilçi Cavid Əliyevdir.
SATQINLIĞIN HEKAYƏTİ
Berlin divarının çöküşünün 20 illiyi münasibətilə Almaniyada nəşr olunmuş çoxsaylı kitablar içərisində biri xüsusilə seçilir – özünün mürəkkəb psixoloji ovqatına, dramatik süjetinə və əlbəttə, qəhrəmanlarına görə. Söhbət Suzanne Şedlixin “Yenə də dekabr” adlı sənədli romanından gedir. Müəllif 1977-ci ildə əsərləri Qərbi Almaniyada çap olunduğuna görə Almaniya Demokratik Respublikasını (ADR) tərk etmək məcburiyyətində qalan tanınmış alman yazıçısı Hans Şedlixin qızıdır. O, ailəsinin başına gələnlərdən, Qərbi Almaniyadakı həyata çətin uyğunlaşmasından, valideynlərinin boşanmasından, on ildən çox ABŞ-da yaşamasından, nəhayət, Berlinə qayıtmasından... söz açır. Amma əsərin baş qəhrəmanı Suzannenin əmisi (atasının böyük qardaşı), ADR Elmlər Akademiyası Tarix İnstitutunun professoru Karlhayns Şedlixdir. Təsadüfi deyil ki, kitabın ikinci başlığı belədir: “Qərb, Ştazi, əmim və mən”. Suzannenin uşaqlıqda pərəstiş etdiyi əmisi o zamanlar ADR-də nüfuzlu intellektual, cəsarətli insan, kəskin qələmli publisist kimi tanınırdı və Şərqi Almaniyadakı bir çox dissidentlərin yaxın dostu idi. Yalnız Berlin divarları söküləndən və Ştazinin (ADR Təhlükəsizlik Nazirliyinin) arxivləri açılandan sonra bəlli oldu ki, Karlhayns Şedlix xüsusi xidmətin agenti imiş və hamını, o cümlədən də öz qardaşını satırmış...
DÜNYANIN ƏN QOCAMAN YAZIÇISI
Bu günlərdə Madrid şəhərindəki İspaniya Milli Kitabxanasında ölkənin Mədəniyyət nazirinin iştirakı ilə dünyanın ən yaşlı yazıçısı sayılan Fransisko Ayalanın 103 yaşı təntənə ilə qeyd edilib. Mərasimdə iştirak və çıxış edən Ayala yazıçılıq fəaliyyətini davam etdirməsinə imkan yaratdıqlarına görə dünyanın bütün insanlarına təşəkkürünü bildirib.
Hazırda İspaniyanın ən nüfuzlu yazıçısı olan Fransisko Ayala Servantes mükafatı laueratı (1991) və Kral Akademiyasının üzvüdür. O, “1927-ci il nəsli” adlandırılan ədəbi nəslin son nümayəndəsidir. Bu nəslə Federiko Qarsia Lorka, Nobel mükafatıçısı Visente Aleyksandre, Rafael Alberti, kinorejissor Luis Bunyuel və ispan mədəniyyətinin digər görkəmli simaları daxil idi.
“BÖYÜK DİVAN” İŞIQ ÜZÜ GÖRDÜ
Görkəmli İran alimi Məhəmmədrza Şəfii-Kədkəni Mövlana Cəlaləddin Ruminin (1207-1273) odlu-alovlu qəzəllərini ehtiva edən “Böyük divan” (“Divani-kəbir”), yaxud “Şəms Təbrizi qəzəlləri” üzərində 35 illik araşdırmalarına, nəhayət ki, yekun vurub. Tehrandakı “Süxən” nəşriyyatı onun tərtib, təshih və təfsir etdiyi “Şəms Təbrizi qəzəlləri”ni iki cilddə (1600 səhifədən çox) oxuculara təqdim edib. Ümumən kitabda 1075 qəzəl və 256 rübai yer alıb.
Kitabın birinci cildinin 150 səhifəsi Şəfii-Kədkəninin geniş və əhatəli müqəddiməsindən ibarətdir ki, burada o, divanın əvvəlki nəşrlərini təhlil etmiş, özünün tərtib və təshih prinsiplərini açıqlamış, eləcə də Mövlananın həyat və yaradıcılığından, onun mənəvi aləminin özəlliklərindən söhbət açmışdır.
PAŞA ƏLİOĞLUNUN ƏLLİSİ
O, Azərbaycanın görkəmli şairi, poeziyamızın bənzərsiz ismi Əli Kərimin oğludur, böyük bir insanın cismani və (ən mühümü!) mənəvi-ruhani davamçısıdır. Təqdimat üçün elə bu da yetərlidir. Amma mənim üçün o həm də səmimi və etibarlı dost, ciddi və istedadlı həmkardır. Onunla eyni ildə müdafiə etmişik. Özü də eyni dövrdən. Mən XVII yüzillikdə farsdilli poeziyanın bayraqdarı Saib Təbrizidən, o isə həmin əsrdə türkdilli şeirin ustadı Qövsi Təbrizidən. Bu da bizi bağlayan amillərdən biridir.
Paşanı çoxdan görmürəm. Onun 50-ni haqladığını dünən təsadüfən bildim. (Sonra “Ədəbiyyat qəzeti”ndən Yazıçılar Birliyinin rəsmi təbrikini və dostumuz Arif Əmrahoğlunun onun haqqında qısa, isti yazısını oxudum). Bir az gözlənilməz oldu mənimçün. Sonra düşündüm: Paşa da, bəziləri kimi, yubileyinin yaxınlaşdığını beş-altı ay qabaqcadan anons edəsi deyildi ki?!
Paşanı çoxdan tanıyıram. Bu tanışlığın dostluğa çevrilməsində bir nəfərin xüsusi rolu olub. O da hazırda Almaniyada yaşayan dəyərli tədqiqatçı Məhəmmədəli Hüseynidir. Hə, belə də olur: bir nəfər Berlində oturub Bakıda yaşayan iki adamı yaxınlaşdırır. Bunun üçün, görünür, Məhəmmədəli bəy kimi Şəmslə (Şəms Təbrizi ilə) eyni şəhərdən olmalısan...
DAHA BİR DAHİ ANILACAQ
2007 – MÖVLANA, 2008 – KAŞĞARLI, 2009 – KATİB ÇƏLƏBİ...
YUNESKO yenicə qədəm qoyduğumuz 2009-cu ili Katib Çələbi ili elan edib. Bu qərar dahi alimin anadan olmasının 400 illiyi ilə əlaqədardır. Yubileylə bağlı bütün dünyada, özəlliklə Türkiyədə bir çox tədirlərin keçirilməsi nəzərdə tutulur, hətta bu işə artıq başlanılıb.
Katib Çələbi dünya elmi tarixində özünəməxsus yer tutan ensiklopedik zəka sahiblərindən biridir. Çox da uzun olmayan həyatı boyunca müxtəlif elm sahələri üzrə onun gördyü işlər bu günün özündə də heyrət doğurmaya bilməz. Üstəlik o, elmi fəaliyyəti dövlət işi və müəllimliklə uğurla birləşdirmiş nadir şəxsiyyətlərdəndir. Ərəb və fars dilləri ilə yanaşı, latın dilini də bilən Katib Çələbi hələ XVII əsrdə Şərq ilə Qərbin elmi nailiyyətlərini sintezləşdirən bir alim olmuşdur.
Hacı Xəlifə (Qərbdə “Haci Kalfa”) adı ilə də məşhur olan Katib Çələbi (Mustafa ibn Abdullah) 1609-cu ildə İstanbulda hərbçi ailəsində doğulub. Gənc yaşlarından Osmanlı ordusunun mühasibatında xidmətə başlayaraq, çoxsaylı səfərlərə çıxıb, o cümlədən, Bağdada, Həmədana, İrəvana hərbi yürüşlərin iştirakçısı olub. On ildən artıq davam edən bu səfərlərdən sonra özünü bütünlüklə elmi araşdırmalara və tədrisə sərf edib. 1657-ci ildə dünyasını dəyişib.






